Hicri Qəmər
Hicri-qəməri təqvimi (ərəbcə: التاريخ الهجري) Ayın Yer ətrafında dövr etməsinə əsasən hesablanır. Müsəlmanlar dini ayinlərini və əlamətdar günlərini ona müvafiq şəkildə icra edirlər.
Hicri-qəməri təqviminin başlanğıcı islam peyğəmbərinin (s) miladi təqvimi ilə 622-ci ildə Məkkədən Mədinəyə hicrətindən götürülmüşdür. Məşhur nəzərə görə, hicri-qəməri təqvimi Ömər İbn Xəttabın xilafəti dövründə İmam Əlinin (ə) təşəbbüsü ilə müsəlmanların rəsmi təqvimi kimi qəbul edilmişdir.
Hicri-qəməri təqvimi 354 və ya 355 gündən ibarətdir və günəş və ya miladi təqvimindən on gün və yaxud on bir gün azdır. Məlum təqvim məhərrəm ayı ilə başlayır və zilhiccə ayı ilə sona çatır. Bəzi rəvayətlərə görə, hicri-qəməri təqviminin ilk ayı ramazan ayıdır və buna görə də bir sıra dua kitablarında qəməri təqviminin əməlləri ramazan ayının əməlləri ilə başlamış və şaban ayı ilə sona yetmişdir. Hicri-qəməri təqvimi ilə yeddinci əsrdə yaşamış görkəmli şiə muhəddisi Seyyid ibn Tavus ehtimal vermişdir ki, ramazan ayı ibadət ilinin, məhərrəm ayı isə əlamətdar hadisələr ilinin başlanğıcıdır.
Hicri-qəməri təqvimi aylarının adları və ardıcıllığı: məhərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir, cəmadiul-əvvəl, cəmadiul-axir, rəcəb, şaban, ramazan, şəvval, zilqədə, zilhiccə.